Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir

Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir

Əli Hüseynli

Milli Məclisin deputatı

Qarabağ Zəfərindən sonra bölgədə nüfuzu daha da yüksələn Azərbaycan beynəlxalq miqyasda öz sözü olan müstəqil dövlət kimi dünya xəritəsində mühüm mövqeyə sahibdir. Son dövrlər Bakının beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi və dünyanın diqqətinin Azərbaycan paytaxtına yönəlməsi bunun bariz təsdiqidir.

Azərbaycan Respubliası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da öz işinə başlamış "Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da bu tədbirlərdən biridir.

Qeyd edək ki, fəaliyyət göstərdiyi cəmi 10 il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, onun təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak etməsi toplantının beynəlxalq əhəmiyyətinin göstəricisidir.  İyunun 18-dək davam edəcək Forumun gündəliyində qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji və ərzaq təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularla bağlı məsələlər yer almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumdakı məzmunlu və əhatəli çıxışı iştirakçıların, ölkə ictimaiyyətinin və KİV-lərin böyük marağına səbəb olub. "Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək… Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”,- söyləyən dövlətimizin başçısı toplantının böyük beynəlxalq əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Yeni yanaşmalar haqqında danışarkən dünyada baş verən fundamental dəyişikliklərin proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşaiyət olunduğunu bildirən dövlət başçısı beynəlxalq miqyasda cari vəziyyət barədə açıq müzakirələrin aparılmasının vacibliyini diqqət mərkəzinə gətirmişdir. Qlobal Bakı Forumu bu baxımdan mükəmməl platforma olaraq çıxış edir.

Prezident İlham Əliyev öz çıxışında 44 günlük Vətən müharibəsində bölgədə yaranmış yeni reallıqların və yeni çağırışların sülh və təhlükəsizlik üçün vacib şərt kimi dəyərləndirmişdir: "…Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir… Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər”.

Azərbaycanın bölgədə sülhün təmin edilməsində böyük rolunu  vurğulayan dövlət başçısı belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsini  nadir hadisə adlandırmışdır: "Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.

O da qeyd olunub ki, Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş üçtərəfli danışıqlardan və Azərbaycan tərəfinin təklif etdiyi 5 əsas prinsipin Ermənistan tərəfindən qəbul edilməsindən sonra Ermənistanla münasibətlərin normallaşması prosesində müsbət dinamikanın formalaşması üçün münbit şərait yaranıb. Artıq sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və digər mədsələlərin həlli istiqamətində sözdən əmələ keçməyin zamanıdır.  

Lakin bununla yanaşı bəzən Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində bu məsələdə ləngimələr baş verdiyini bildirən cənab İlham Əliyev təəssüflə qeyd etmişdir ki, proseslərin arzuolunan sürətlə getməməsinin əsas səbəbi Ermənistandakı təxribatçı qüvvələrin bölgədə əmin-amanlığın bərpa olunmasında maraqlı olmamalarıdır. Zəngəzur dəhlizinin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün müstəsna əhəmiyyəti barədə söz açan Prezident İlham Əliyev Forum iştirakçılarına Ermənistan hökumətinə, eləcə də dünya ictimaiyyətinə mühüm ismarıclar ötürmüşdür:  "…Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”.

Qarabağda  yaşayan ermənilərlə bağlı məsələyə gəlincə,  Azərbaycan, hər zaman olduğu kimi, tolerantlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirir və bu ermənilərlə münasibətdə də belə olacaq: "…Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər”.

Lakin cənab İlham Əliyev Ermənistan hökuməti tərəfindən dırnaqarası "Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlərin səsləndirilməsini təhlükəliaddım olduğunu nəzərə çatdıraraq, bunun Ermənistan üçün acı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdir. "…Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.

Toplantı iştirakçıları dövlətimizin başısının ATƏT-in Minsk qrupunun  28 illik fəaliyyətinə verdiyi siyasi qiyməti də maraqlar qarşılamışlar: "… Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. …Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir”.

Eyni zamanda cənab İlham Əliyev çıxış əsnasında enerji təhlükəsizliyi məsələsinə də toxunaraq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın getdikcə artan rolundan danışmış və  bir daha Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün siyasi iradənin ortada olduğunu Forum iştirakçılarının nəzərinə çatdırmışdır./yap.org.az yaz

Xəbər lenti