Bələdiyyə üzvlüyünə gənc namizəd Fərid Şahbazlı kimdir?-DOSYE

Bələdiyyə üzvlüyünə gənc namizəd Fərid Şahbazlı kimdir?-DOSYE
 

Xəbər verdiyimiz kimi, tanınmış gənc fəal Fərid Şahbazlı Nəsimi Bələdiyyəsi üzvlüyünə namizəddir.

İnterpress.az namizədlər arasında aktivliyi ilə seçilən Fərid Şahbazlının tərcümeyi halı və ictimai fəaliyyətini əks etdirən məlumatları təqdim edir:

Şahbazlı Fərid Tahir oğlu 1991-ci ilin 28 noyabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Səbail rayonunda yerləşən 7 saylı orta ümumtəhsil məktəbində alıb. Bakalavr təhsilini Fərqlənmə diplomu ilə Odlar Yurdu Universitetində, magistr təhsilini Türkiyə Respublikasının İstanbul Aydın Universitetində bitirib.
Hələ məktəb illərindən aktiv ictimai fəaliyyətlə məşğuldur.
Orta təhsil aldığı 7 saylı orta ümumtəhsil məktəbində Şagird Parlamentinin sədri, bakalavr təhsili aldığı Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin sədri, magistr təhsili aldığı Türkiyə Respublikasının İstanbul Aydın Universitetində 107 ölkədən 4500 xarici tələbənin təhsil aldığı Beynəlxalq Tələbələr Birliyinin rəhbəri kimi fəaliyyət göstərib.
2005-2011-ci illərdə "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının sədri kimi çalışıb. 2011-ci ildən "İslahatçı Gənclər” İctimai Birliyinin sədridir.
Fərid Şahbazlı eyni zamanda aktiv media fəaliyyəti ilə məşğuldur. 2009-2012-ci illərdən Qaynar.info Milli Xəbər Portalının Baş redaktoru olub. Hazırda Editor.az İnformasiya Portalının baş redaktorudur.
2005-2019-cu illərdə həm rəhbərlik etdiyim təşkilat, həm də şəxsən öz təşəbbüsü ilə 550-dən artıq yerli və xarici layihə və tədbir reallaşdırıb.
Artıq 7 ildir ki, Leyla xanım Əliyevanın beynəlxalq səviyyəli təşəbbüsünə qoşulararaq, Türkiyənin müxtəlif şəhərlərində yüksək səviyyədə təşkil edilən, Azərbaycan və Türkiyədən dövlət rəsmilərinin, millət vəkillərinin, nüfuzlu KİV-lərin qatıldığı "Xocalıya Ədalət Həftəsi”nə təşkilatçılıq etməkdədir. Bundan başqa onun təşkilatçılığı ilə mütəmadi olaraq, Türkiyənin nüfuzlu universitetlərində, bələdiyyələrində türk və xarici tələbələr üçün Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı elmi-mədəni konfranslar, təqdimat və sərgilər keçirilmişdir.
Bir gənc olaraq Polşa, Avstriya, Bolqarıstan, Slovakiya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Gürcüstan, Monteneqro, Şimali Kiprdə bir sıra nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi beynəlxalq tədbir və görüşlərə qatılaraq Azərbaycanı təmsil edib.
Bununla yanaşı, birbaşa iştirakı ilə Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Gürcüstan, Şimali Kipr Respublikalarında bu ölkələrin aktiv və nüfuzlu gənclərinin, ictimai-siyasi xadimlərinin, KİV-lərinin, Azərbaycan səfirliyi və rəsmilərinin iştirakı ilə müxtəlif istiqamətli forum və konfranslar keçirilmişdir.
Dəfələrlə Estoniya, Gürüstan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Ukrayna, Misir, Küveyt, Monteneqro, Latviya, Şimali Kipr Türk Respublikasının nüfuzlu televiziyaları, qəzetləri və informasiya portallarında çıxışlar edərək, Azərbaycanda dövlət gənclər siyasətini, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurları, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətini, Dağlıq Qarabağla bağlı həqiqətləri təbliğ etməyə çalışıb.
Mütəmadi olaraq, xarici ölkələrin nüfuzlu qəzet, portal və jurnallarında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra mövzularda onlarla məqalələrlə çıxış edib.
2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı Gürcüstan, Türkiyə, Şimali Kipr Türk Respublikalarında təşkil edilmiş yüksək səviyyəli tədbirlərin müəllifidir.
2018-2019-cu illərdə Polşanın paytaxtı Varşavada ATƏT-in 57 ölkədən diplomat və siyasətçilərin iştirak etdiyi İllik Zirvə Toplantısında bir neçə dəfə çıxış edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan müxtəlif yerli və xarici təmsilçilərə cavab vermişdir.
Bundan başqa Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa edilməsi, Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə bu ölkənin Varşavadakı səfirliyi önündə etiraz aksiyasına rəhbərlik edib.
2016-cı ildə Azərbaycanda keçirilən Ümümxalq səsverməsi-Referendumda "Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun 25 vəkilindən biri kimi MSK tərəfindən təsdiqlənib.
2017-ci ildən etibarən 45 ölkədən 90-dan artıq universitetin birləşdiyi beynəlxalq statuslu Avrasiya Universitetlər Birliyinin(EURAS) Gənc Səfiri kimi fəaliyyət göstərir.
2017-ci ildə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə tərəfindən "İlin Gənci” Fəxri adına layiq görülmüşdür.


Hazırda Nəsimi bələdiyyəsi üzvlüyünə namizəddir.

Xəbər lenti