Azay Quliyev: "Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb"

Azay Quliyev:

"Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı".

7NEWs.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında bildirib.  

A.Quliyev deyib ki, dünyada, xüsusilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir: "Bununla yanaşı, beynəlxalq sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən, ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir. Təəssüflər olsun ki, bizim region da uzun müddətdir bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq, ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb, sülh və təhlükəsizlik bu bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir".


Xəbər lenti