ASGA beynəlxalq təşkilatlara müraciət etdi: “Sizdən heç bir ədalət gözləmirik” - FOTOLAR

ASGA beynəlxalq təşkilatlara müraciət etdi: “Sizdən heç bir ədalət gözləmirik” - FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə bəyanatda deyilir:

 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA)

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla bağlı

 

BƏYANATI

 

12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhəddində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının üzvlərində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu. Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı. Düşmənin bu təxribatçı həmləsini dəf edərkən general, polkovnik, mayor və əsgərlərimiz daxil olmaqla bir neçə Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı Ermənistandan tələb edir. Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyil. Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol verib. Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVİD-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır.

Biz, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq beynəlxalq təşkilatlara müraciət edərək qəti şəkildə və təəssüflə bildirik ki, sizdən heç bir ədalət və dəstək gözləmirik. Son 30 ildə istər vasitəçi qurumlar, istərsə də digər təşkilatlar münaqişənin ədalətli həlli üçün real iş ortaya qoya bilmədilər. Bu biganəliyə görə 30 ildir 1 milyondan çox insan qaçqın və məcburi köçkün halında yaşayır, bu biganəliyə görə hər il dinc sakinlər həyatlarını itirirlər. Ermənistanın son təxribatı zamanı isə 70 yaşlı mülki vətəndaş həyatını itirdi. Ancaq beynəlxalq təşkilatlar, beynəlxalq qurumlar erməni terrorçularının qəfil hücumuna, xüsusən də, mülki əhaliyə qarşı amansız davranışa seyrçi mövqe sərgiləyirlər. Artıq Azərbaycan xalqı dözmək, səbr etmək əzmində deyil. Biz ən qısa zamanda bütün mümkün yollarla işğal olunmuş torpaqları geri qaytaracaq, sərhədlərimizi təxribatçılardan qorumaq üçün cəza tədbirlərini görəcəyik. Bu gün Azərbaycanda mövcud olan Vətəndaş Cəmiyyətinin üzvləri Milli Ordunun yanındadır və hər an Ali Baş Komandanın əmrini gözləyirlər.

 

Hörmətlə, Səbuhi Abbasov, ASGA-nın sədri


Xəbər lenti